İzafə Fars dilində çox mühüm yer tutur. Belə ki, əgər Fars dilində yiyəlik-mənsubiyyət əlaqəsi (yiyəlik hal) və həmçinin sadə yanaşma əlaqəsi (sifət+isim) yaratmaq istəyirsinizsə, mütləq izafəyə müraciət etməli olacaqsınız.
Mənsubiyyətin ifadəsi
Azərbaycan dilində təqdim edəcəyimiz quruluşa ikinci və üçüncü növ təyini söz birləşmələri daxildir. Bu cür söz birləşmələrində iki tərəf olur. Bir tərəf sahib, digər tərəf isə onun sahib olduğu şeyi ifadə edir. Məsəl üçün, "Şagirdin gündəliyi" sözü birləşməsində "şagir" sahibdir, "gündəlik" isə onun sahib olduğu əşyasıdır. Burda bir şəxsin hansısa bir əşyanın sahib olması vacib deyil, əsas bir şeyin digər şeyə aid olmasıdır: "Dənizin sahili", "məktəb direktoru", "evin xanımı", "taleyin oyunları" və s.
İndi burda fikir veməli olduğumuz bir məsələ var, Azərbaycan dilində sahiblik bildirən söz birləşmənin birinci tərəfində, onun sahib olduğu şey isə ikinci tərəfində gəlir. Amma Fars dilində bu tərsinə olur, yəni mənsubluq bildirən birinci, sahib isə ikinci gəlir. Və Fars dilində bu iki tərəfi birləşdirən vasitə yoxdur, ən azı, yazıda yoxdur. Nümunələrə baxaq:
کتاب معلم | ketab e moəllem | müəllimin kitabı |
دوست من | dust e mən | mənim dostum |
ساحل دریا | sahel e dərya | dənizin sahili |
اتاق خانه | otağ e xane | evin otağı |
رنگ گل | rənq e qol | gülün rəngi |
آخر ماه | axər e mah | ayın axırı |
کتاب تو | ketab e to | sənin kitabın |
Yuxarıda verilmiş nümunələrə nəzər salsaq görərik ki, izafənin yazıda heç bir əlaməti olmasa da oxunanda sözlərin arasına "e" əlavə olunur. Bundan əlavə, görmək olar ki, şəxs əvəzliklərinin də yiyəlik hal formaları (mənim, sənin, onun) mövcud deyil və onlar da izafənin tərkibinə daxil olaraq sahib mövqeyində çıxış edirlər.
Sifət-isim əlaqəsi
Fars dilində sifətlər də isimlərlə izafə vasitəsilə əlaqələnir və Azərbaycan dilindən fərqli olaraq əvvəl isim, sonra isə sifət gəlir:
درس جدید | dərs e cədid | yeni dərs |
دخترزیبا | doxtər e ziba | gözəl qız |
کتاب جالب | ketab e caleb | maraqlı kitab |
مداد سبز من | medad e səbz e mən | mənim yaşıl qələmim |
Lüğət
جدید | cədid | yeni |
دختر | doxtər | qız |
مداد | medad | karandaş |
سبز | səbz | yaşıl |
جالب | caleb | maraqlı |
دریا | dərya | dəniz |
ماه | mah | ay |
خانه | xane | ev |
Comments
Post a Comment