Skip to main content

Əlifba - İKİNCİ HİSSƏ

Əvvəlki dərsdə əlifba ilə ümumi tanışlıq və hərflərin səs qarşılığı verilmişdi. Bu dərsdə isə bəzi yazıb oxuma qaydaları və bir neçə səsə qarşılıq verən hərflərin nə vaxt hansı səsə malik olmasını qeyd edəcəyik. Aşağıda ən ümumi qaydalar qeyd edilib:

  1. Fars dilində sözlər Ərəb əlifbasının qaydasına uyğun olaraq bizim əksimizə sağdan sola yazılır.
  2. a, u və i həmişə uzun tələffüz olunur və yazıda hərflə göstərilir. ə, o və e isə qısa tələffüz olunur və yalnız sözün əvvəlində gəldikdə müxtəlif hərflərlə göstərilir. E hərfi ilə başlayan sözlər Fars dilinə keçmiş Ərəb sözləridir və "papaqsız" əlif hərfi ilə göstərilir.
  3. "Papaqsız" əlif (ا)sözün əvvəlində gəlsə, Fars mənşəli sözlərdə "ə", Ərəb mənşəli sözlərdə adətən "e" səsini verir, amma sözün ortasında yazılanda "a" səsinə uyğun gəlir.
  4. "Papaqlı" əlif (آ)isə həmişə sözün əvvəlində gəlir və "a" səsinə qarşılıq verir.
  5. Ye (ی) hərfi iki samit arasında gələndə i oxunur, amma bir  saitlə yanaşı durarsa y səsinə qarşılıq verir.
  6. Kaf (ک) hərfi özündən sonra səslənən saitdən asılı olaraq həm k (ke), həm də k' (ka) səsinə qarşılıq verir. Əgər kaf hərfindən sonra a, o, u, ou səsləri gələrsə, k səsini səsini, digər bütün hallarda isə k' səsini verir.
  7. Qaf (گ) hərfi də kaf hərfi kimi a, o, u, ou səslərindən əvvəl gəldikdə q, digər hallarda isə g səsi verir.
  8. He (ه) hərfi sözün ortasında ya da əvvəlində həmişə h səsi versə də, sözün sonunda həm h, həm də e səsinə qarşılıq verə bilir.
  9. Əyn (ع) hərfinin isə haçan necə oxunmasını daha yaxşı olar ki lüğətdə baxasınız. Çünki bu ancaq Ərəb mənşəli sözlərdə olur və fars dilinə müxtəlif şəkillərdə keçib.
Bütün bu qeydlərdən sonra ən vacib bir qeydi də etmək istərdik: Fars dilində hansısa sözü birinci dəfə görürsünüzsə çox yaxşı olar ki, onun necə oxunmasını müxtəlif Fars dili lüğətlərində yoxlayasanız. Bunun üçün ən yaxşı vasitə bir "Farsca-Azərbaycanca" lüğəti əldə etməkdir. Amma müasir dövrdə sözlərin necə oxunmasını və tərcümələrini verən bir çox "online" lüğətlər vardır. Bu internet lüğətlərindən bir neçəsini qeyd edəcəm:
  • Vajehyab - bu saytda siz Fars dilinin izahlı lüğətlərini, İngilis dilinə tərcümələrini və ən vacibi sözlərin latınca yazılışını görə bilərsiniz. Amma bu saytı istifadə edərkən yadda saxlamalı olduğunuz bir qayda var. Əgər orda latınca yazılışda "sadə a" hərfi veribsə bu bizim ə hərfinə uyğundur, "üstüxətli a" isə bizim a hərfinə uyğundur. Həmçinin ğ hərfləri q sərfi ilə verilir bu saytda. Ş və ç hərflərini isə özünüz tanıyacaqsınız
  • Forvo - bu sayt sadəcə olaraq möhtəşəmdir. Siz Forvo-da demək olar bütün dillərdə bütün sözlərin tələffüzünü dinləyə bilərsiniz. Forvo-da məlumat müstəqil istifadəçilər tərəfindən formalaşır, buna görə də eyni sözün müxtəlif istifadəçilər tərəfindən səslənişini eşidə bilrəsiniz. Forvo-da Farsca sözlərin səslənişi də var.
  • DictBox - bu lüğət tətbiqi sizə Farsca sözlərin ingiliscə tərcüməsini görməyə imkan verir.
  • Və ,əlbəttə ki, GoogleTranslate.
Əvvəlki dərsdə əlifbanı diqqətlə nəzərdən keçirmisinizsə, orada 4 hərfin z, 3 hərfin isə s səsinə qarşılıq verdiyini görmüsünüz. Bunun səbəbi budur ki, Ərəb dilində o səslər hər biri Ərəb dilinin özünə məxsus olan müxtəlif səsləri verir, lakin fars dilində o səslər yoxdur və onlara səslənişcə ən yaxın olan səsdə ümumiləşdiriliblər.
Bu yazımızla əlifba bəhsinə yekun vururuq!

Comments