Skip to main content

Gələcək zaman

Fars dilində də Azərbaycan dilində olduğu kimi qeyri-müəyyən və qəti gələcək zaman mövcuddur. Azərbaycan dilində qeyri-müəyyən gələcək zaman -ar2 şəkilçisi ilə, qəti gələcək zaman isə -acaq2 şəkilçisi ilə düzəlir. Qeyri-müəyyən gələcək zamana nümunə: gələrəm, oxuyarsan, danışarsınız. Qəti gələcək zamana nümunə: gələcəksən, oxuyacaqsan, danışacaqsınız.

Fars dilində qeyri-müəyyən gələcək zamanın quruluşu indiki zamanın quruluşu ilə eynilik təşkil edir. Bu iki zamanı yalnız cümlə daxilində bir-birində fərqləndirmək olar. Əgər indiki zamanla bağlı dərslərimizi oxusanız, eyni feilin tərcüməsini hər iki zamanda verdiyimizi görə bilərsiniz. Həmin dərslərə keçidlər: İndiki zaman və İndiki zaman + idi: gəlirdim, deyirdim.

Bu dərsdə qəti gələcək zamanı öyrənəcəyik. Fars dilində qəti gələcək zamanlı cümlələr  خواستن [xastən] - istəmək feilinin köməyi ilə qurulur. Qəti gələcək zaman qurmaq üçün  خواستن [xastən] feilinin indiki zaman kökü خواه [xah] uyğun şəxslərlə uzlaşdırılaraq istifadə olunur, cümlənin əsas feili isə şəxsə görə dəyişmədən keçmiş zaman kökü ilə işlədilir.

Mən gələcəyəm Mən xahəm aməd من خواهم آمد
Sən qapını açacaqsan To dər ra xahi baz kərd تو در را خواهی باز کرد
Sabah yağış yağacaq Fərda baran xahəd barid فردا باران خواهد بارید
Biz sabah qabları yuyacağıq Ma fərda zərfha ra xahim şost ما فردا ظرفها را خواهیم شست
Siz hər şeydən xəbərdar olacaqsınız Şoma əz həme çiz ba xəbər xahid bud شما از همه چیز با خبر خواهید بود
Onlar heç vaxt bunu bilməyəcək Anha hərgez in ra nəxahənd danest آنها هرگز این را نخواهند دانست

Qeyd: خواستن [xastən] feili gələcək zaman formalaşdıran köməkçi feildən əlavə cümlənin əsas feili qismində də çıxış edə bilər:
İstəyirəm səni görüm/görəm Mixahəm to ra bebinəm می خواهم تو را ببینم
Nə eləmək istəyirsən? Çe kari mixahi bekoni چه کاری میخواهی بکنی
Ürəyim heç bir iş görmək istəmir Deləm nemixahəd kari konəd دلم نمی خواهد کاری کند

Comments