Skip to main content

Fars dili haqqında ümumi məlumat

Salam, dostlar!
Bizim bu bloqumuz Fars dilinin öyrədilməsi və təbliğinə həsr olunmuşdur. Bloqumuzda Fars dilinin qramatikası və gündəlik həyatda işlədilməsinə dair dərslər yerləşdiriləcəkdir. Amma dərslərə başlamazdan əvvəl bu dil haqqında ümumi məlumat vermək və bir sıra mətləblərə toxunmağı vacib bilirik.

Fars dilinin dünya dilləri arasında yeri

Fars dili Hind-Avropa dil ailəsinə daxildir, yəni Fars dili İngilis, Alman, Rus və İspan dilləri ilə uzaq qohumdur. Talış, Tat, Kürd, Gilək dilləri ilə isə yaxın qohumdur, buna görə də bəzən səhv edərək bu dilləri danışan xalqları "farsdilli" adlandırırlar. Lakin Fars, Talış, Tat, Kürd dilləri və onlara yaxın qohum olan digər dillər birlikdə Hind-Avropa ailəsinin içində İran dilləri qrupunu təşkil edir . Buna görə də bu dilləri danışan millətləri "farsdilli" yox, "irandilli" adlandırmaq daha düzgündür.

Fars dilini niyə öyrənək?

  • Fars dili 110 milyon əhalinin danışıq dilidir
  • İran və Tacikistanda rəsmi dövlət dili, Əfqanıstanda isə əksəriyyətin ana dilidir.
  • Hər il ölkəmizə İrandan çoxlu turistlər gəlir
  • İranın müxtəlif ərazilərinə həm dini ziyarət (Məşhəd), həm də səyahət edərkən sərbəst ola bilərsiniz
  • Nizami Gəncəvi, Sədi Şirazi, Hafiz və bir çox başqa Azərbaycan və İran klassiklərini öz orijinal dilindən oxuya bilərsiniz
  • Fars dili olduqca çoxsaylı qədimi sənədlərin dilidir və bu dili bilmək tarixçilər üçün əvəzedilməz olar

Fars dilini öyrənmək çətindirmi?

Fars dilinin qramatik quruluşu olduqca sadədir. Qramatikanın sadə olması ilə yanaşı dildə istisnalar, demək olar ki, yoxdur və hər bir qramatik xüsusiyyət üçün sadəcə bir quruluşu bilmək kifayət edir. Misal üçün, Azərbaycan dilində çıxışlıq hal yaratmaq üçün -dan və -dən olmaqla bir şəkilçinin iki variantı (bəzi şəkilçilərin hətta 4 variantı olur) istifadə olunduğu halda, fars dilində oxşar məna sadəcə sözün qabağına "əz" qoşması əlavə etməklə yaradılır. Əlavə olaraq, Fars dilində cümlədə söz sırası Azərbaycan dilindəki kimidir.
Adətən xarici dil öyrənərkən üzə çıxan ən başlıca problem həmin dilin özünəməxsus səslərini tələffüz etmək olur ki, Fars dili öyrənərkən Azərbaycanlılar üçün belə bir müşkül olmayacaq. Çünki Fars dilindəki bütün səslər Azərbaycan dilində də var.
Bütün bu qramatik və fonetik rahatlıqla yanaşı Fars dilinin lüğət tərkibi də bizlərə xeyli tanışdır. Bildiyiniz kimi, Azərbaycan dilində Fars dilindən alınma çoxlu sözlər var və bundan da əlavə hər iki dildə Ərəb dilindən götürülmüş çoxlu ortaq sözlər var. Üstəlik, Fars dilindəki frazeoloji birləşmələr və bədii ifadələr də bizə çox tanışdırlar.

Qısaca, Azərbaycan dilini bilən üçün Fars dilini öyrənmək ən asan bir məsələdir. Elə isə başlayaq!



Comments

Post a Comment